“Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun 2-ci nəşrinin təqdimatı keçirilib.

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyində tarixi Zəfərimizin ikinci ildönümünə həsr olunmuş anım tədbiri və Zəfər Gününə həsr olunmuş “Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun 2-ci nəşrinin təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri Elvin Hüseynov Zəfər Günündən öncə və sonra Birliyin fəaliyyəti, gördüyü işlər haqqında geniş məlumat verdi. O, öz çıxışında İctimai Birliyin Zəfər Gününə qədərki dövrlərdə də müxtəlif elmi platforma və konfranslarda Qarabağ həqiqətlərini yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki aktiv fəaliyyətindən bəhs etdi. Belə ki, 2013-cü ildə Türkiyənin Fırat Universitetinin “Orta Doğu Araştırmaları Merkezi” ilə birgə “Qarabağ xüsusi buraxılışı” - elmi məqalələr toplusunu çap etdirilməsi; Azərbaycan Universiteti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycanlıların soyqırımı arxiv sənədlərində” mövzusunda I Beynəlxalq elmi konfransın keçirilməsi; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi” adlı beynəlxalq konfransın keçirilməsi; 2015-ci ildə isə Azərbaycan Universiteti (AU), AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və "SƏS" Media Qrupunun birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda II Beynəlxalq elmi-praktik konfransın təşkili GEAD İctimai Birliyinin bu qəbildən olan fəaliyyətlərindəndir.

Sonra Elvin Hüseynov “Gənc tədqiqatçıların elmi məqalələr toplusu” barədə gələn qonaqlara ətraflı məlumat verərək qeyd etdi ki, artıq 2-ci nəşri işıq üzü görən Zəfər Gününə həsr olunmuş “Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun bu sayında yalnız elmi məqalələr deyil, xüsusi bölmədə Şanlı Zəfər Tariximizlə bağlı bir neçə publisistik məqalə də çap olunmuşdur.

Həmçinin, təqdimat tədbirinə İkinci Qarabağ müharibəsi qaziləri Zülfüqar Novruzlu və Pərviz Əliyev də dəvət edilmişdi. Qazilərimiz İkinci Qarabağ müharibəsində şahidi olduqları hadisələri və döyüş xatirələrini anbaan xatırlayaraq iştirakçılara duyğulu anlar yaşatdılar. Daha sonra bəzi məqalə müəllifləri və digər tədbir iştirakçıları da öz ürək sözlərini bölüşərək şəhidlərimizə Allahdan rəhmət, qazi və yaralılarımıza isə şəfa dilədilər.

Görüşün sonunda məqalə müəlliflərinə məqalə toplusu nümunəsi, qazilərimizə isə İctimai Birliyi təmsil edən kiçik rəmzi xatirə hədiyyəsi təqdim olundu və tədbir iştirakçıları ilə toplu xatirə fotosu çəkildi.