GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
AMEA Ədəbiyyat İnstitutunun elmi şurasının üzvü, Dissertasiya Şurasının elmi katibi, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov
MÖVZU: "Ədəbiyyatşünaslıq sahəsində elmi-tədqiqat işlərinin aparılması: metodologiya və mövcud qaydalar"
Məlum olduğu kimi dissertasiya işi yazan hər bir tədqiqatçının qarşılaşdığı problemlərin başında müdafiə öncəsi rəsmi proseslərlə bağlı çətinliklər durur . Bu sahə ilə bağlı bizə də müraciət olunan çoxsaylı sualları nəzərə alaraq bu sahənin bilavasitə mütəxəssisini mövzu ilə əlaqədar seminar verməsi üçün dəvət etdik.
Yer: "GEAD" İctimai Birliyinin ofisi
Tarix: 10.02.2016
Saat: 16.15
İmamverdi Yavər oğlu Həmidov 1941-ci ildə Masallı rayonunun Bala Kolatan kəndində anadan olub. 1957-ci ildə orta təhsilini başa vurub.1959-cu ildə Bakı Statistika Texnikumunu bitirib. 1960-cı ildə Bakı Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası şöbəsinə daxil olub.
1966-cı ildə universiteti bitirdikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olub. Aspiranturada təhsilini davam etdirmək üçün 1967-ci ildə Moskva şəhərindəki SSRİ EA-nın Şərqşünaslıq İnstitutuna ezam edilib.
1970-ci ildə Moskvada klassik ərəbdilli ədəbiyyatın və Azərbaycan-ərəb ədəbi əlaqələrinin problemlərindən bəhs edən “İbn Kuteybə Dinəvəri” mövzusunda namizədlik, 2009-cu ildə “Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri” mövzusunda filologiya elmləri üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə edib. İ.Həmidov 2013-cü ildən professor vəzifəsini daşıyır.
1969-cu ildən Nizami adına Ədəbiyyat İnstitutunda işləyir. Ötən illər ərzində həmin institutda elmi işçi, baş elmi işçi kimi fəaliyyət göstərmiş, 1973-1976-cı illərdə institutun elmi katibi vəzifəsində çalışıb.
1997-ci ildən həmin institutda Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyir.
O, dörd kitabın (“İbn Kuteybə Dinəvəri” (rus dilində), “Əbu Bəkr əl-Valibi” və onun “Əxbar əl-Məcnun və əşaruhi”, “Azərbaycan-ərəb ədəbi əlaqələrindən səhifələr”, “Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında” (ərəb alimləri Nasr Məhəmməd və Fatimə əz-Zəhra ilə birlikdə), müəllifi olmaqla yanaşı 100-ə yaxın elmi məqalənin müəllifidir. İ. Həmidovun tədqiq etdiyi sahələrdən biri ərəb dilli Azərbaycan ədəbiyyatıdır.
İ. Həmidov ciddi tədqiqatçı olmaqla bərabər fəal elmi təşkilatçıdır. İnstitutun elmi şurasının üzvü və indiyə qədər Dissertasiya Şurasının elmi katibi kimi fəaliyyət göstərir.
Ərəb dilini sərbəst bilən İ.Həmidov tərcüməçilik fəaliyyəti də göstərir. 1963-1964-cü illərdə Yəmən Xalq Demokratik Respublikasında, 1976-1980-cı illərdə Yəmən Ərəb Respublikasında, 1985-1989-cu illərdə İraq Respublikasında ərəb dili üzrə tərcüməçi işləyib.
2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Fəxri Fərman”ına layiq görülüb.
Rus, ərəb, talış dillərində sərbəst danışır, türk, fars dillərini yaxşı bilir, ingilis dilində lüğətdən istifadə etməklə danışa bilir.
Seminarda iştirak etmək üçün qeydiyyat formunu doldurun.