GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəLinklər

GEAD ELMİ MƏCMUƏSİ / Dr. Ruslan Abdullayev

Qıpçaq qrupu türk dillərində adverbiallaşma leksik-semantik konversiyanın bir növü kimi

                                                                                                     

                                                                             Dr. Ruslan Abdullayev

                                                                             AMEA Nəsimi Adına Dilçilik İnstitutu

 

 

Zərfləşmə qanunauyğun bir dil hadisəsidir. “Zərfləşmə-adverbiallaşma dedikdə, ümumiyyətlə, digər nitq hissələrinə məxsus müəyyən qrup sözlərin və bir sıra birləşmələrin (öz mənaları əsasında) zərf vəzifəsində işlənərək mənsub olduqları nitq hissəsinə aid bəzi əlamətlərini məhdudlaşdırıb, bu­nun müqabilində həm də zərfi xüsusiyyət kəsb etmələri-bir növ zərflərin analoquna çevrilmələri nəzərdə tutulur. Bu hadisə də bir növ substan­tivləş­məyə, adyektivləşməyə bənzəyir. Belə ki, başqa nitq hissələri mübtəda və tamamlıq vəzifəsində işləndikdə ismi xüsusiyyət, təyin vəzifəsində işləndikdə sifəti xüsusiyyət kəsb etdikləri kimi, zərflik vəzifəsində işləndikdə də zərfi xüsusiyyət kəsb edir, adverbialaşır” [1.S.48].

Digər nitq hissələrinin müəyyən funksional şəraitdə zərfə çevrilməsi adverbiallaşma linqvistik hadisəsinin mahiyyətini səciyyələndirən başlıca xüsusiyyətlərdəndir.

Müasir türk dillərində adverbiallaşan nitq hissələri bunlardır: isim, sifət.İsim və sifətin  adverbiallaşma dərəcələri müxtəlifdir. Burada  hal sistemi əsas götürülür. Mətndə zərfi isim və ya sifətdən ayırmaq əlbəttə, in­cə­lik tələb edir. «Əgər sözə sifət əlavə etdikdə sözün mənası dəyişmirsə, deməli, bu müəyyən formalı isimdir, əgər məna dəyişirsə, bu söz zərfdir” [2.S.70-81].

Zərfləşmə hadisəsi bir sıra amillərlə şərtlənir: tarixi inkişafın nəticəsi olan semantik dəyişmələr; fel semantikasının zərfləşmə  prosesinə təsir göstərməsi; zərfləşməni doğuran dövr, onun dərəcələri.

Zərfləşmə prosesi pilləlidir, demək olar ki, sürət tədricidir; burada pro­se­sin başa çatması lazım gəlir. Proses sözün leksik-sintaktik əlamətinin dəyiş­mə­si ilə müşaiyət olunur və onun nəticəsində zərf mənalı yeni sözlər ya­ranır. Bu pro­ses xarakter etibarilə daimidir və fərdi əlamət də kəsb edə bilər. Bu pro­sesdə müxtəlif sözlər bir qayda olaraq, zaman, məkan və istiqamət mənasını ifadə edən yerlik və çıxışlıq halları formasında zərfləş­mədə iştirak edir.

Sifət-zərf istiqamətində konversiya: Bu hadisə nəticəsində türk dil­lə­rində sifətlərin zərfə çevrilməsi prosesi baş verir. Məsələn, iti bıçaq, düz söz, yaxşı xörək ifadələrində iti, düz, yaxşı sözləri sifət olduğu halda; “Su iti axır. O, düz danışır. Əli yaxşı oxuyur.” cümlələrində isə iti, düz və yaxşı sözləri adver­biallaşaraq hərəkətin tərzini ifadə etmək funksiyasını (zərflik) qazanmışdır. Sifətin zərfə keçmə dərəcəsi daha yüksəkdir. Çünki mücər­rədləşmə dərəcəsinə görə sifət  zərfin xüsusiyyətlərini qəbul edən ən aktiv nitq hissəsidir.Al görür ala, mor görür mora merak sarar (Türk ata sözü). Bu keçiddə digər bir istiqamət ismə doğrudur (mora-nəyə? maraq salar); antonim cütlüklərin konversiyası: Aşağı tükürsen sakal, yukarı tükürsen bıyık (Türk ata sözü).

Digər nümunələrə diqqət yetirək:  ağır adam-ağır danışmaq; sakit qız-sakit durmaq; sərt fikir- Qışın axır ayı sərt keçmişdi (M. İbrahimov); aydın baxış- aydın söyləmək; ac toyuq- ac qalmaq; diri adam- Elə adamları dəyirmanın gözündən ölü sal, aşağısından diri çıxacaq (S.Rəhimov); mü­nasib adam- münasib danışmaq; çətin uşaq- çətin başa düşmək və s. misallar vermək olar. Bu misallarda birincilər ismin əlamətini bildirdiyi üçün sifət, ikincilər isə hərəkətin əlamətini bildirdiyi üçün adverbiallaşaraq zərf olmuşdur.

«Sadə tərzi-hərəkət zərfləri öz forma və məzmunlarına görə sadə sifətlərdən fərqlənir. Odur ki, belə sözləri sifət-zərf adlandırmaq da olar. Bu sözlər əşyaya aid olduqları zaman sifət, iş-hərəkətə aid olduqda zərf hesab olunur» [3.S.258].

    Lüğətlərdə bu istiqamətdə keçidə çox rast gəlmək olur. Məsələn: (Tm) aqır: Aqır qozalar öz saldamına duylar-duyulmaz ıranyardı (B.Ker­babaev); aqır dermek, aqır dem almak (TDS, 1962, 23).

 (Tm) acı: İşden sonkı acı çay; Durdının acı sözi Artıqa kemsiz derdi (B.Kerbabaev) acı yılqırmak-qaxarlı ve kinayəli qülmek: Ol ona acı yılqırmak bilen seretdi («Sovet Türkmenistanının ayalları» jurnalı). Bu söz ismin təsirlik halında substantivləşə bilir: acını pürkmek-birinin yüzünü almak (TDS, 1962, 26).

(Qırğızca) Aşusu bıyık körünbös

Belim alıs kaldı ele

Atagı çıkkan Fargana

Cerim alıs kaldı ele

 

(Azərbaycanca) Keçidi yüksək görünməz

Ümüdüm uzaq qaldı

Şöhrəti çıxan Fərqanə

Yerim uzaq qaldı (Toktogul, tandalmalar –Irlar, Frunze, 1984)

 Yüksək sifəti cümlə daxilində zərfləşmişdir.

(Qırğızca) Aydalıp bardım alışka

Caşımda ketken ekemin

Bolup kaldım abışka

(Azərbaycanca) Sürülüb getdim uzağa

Gencliyimde getmişdim

Olub qaldım qoca ixtiyar (Toktogul, tandalmalar –Irlar, Frunze, 1984)

Genclik sözü cümlə daxilində zaman anlayışı bildirərək zərfləşmişdir.

(Tatarca) Açık eytkeç anlaşıldı.—Açıq söyləyincə anlaşıldı. Açıq sözü felə aid olaraq zərfləşmişdir.

(Tatarca) Bugen maynın urtaları bulganga, koy aş yırak, lekin turı hem matur karıy.—Bu gün Mayın ortaları olduğu üçün, günəş uzağdan doğru və gözəl baxır. Doğru və gözəl  sifətləri zərfləşmişdir.

(Qırğızca) Men kalp aytkandıktan, atam cardı bolup cürgön körünöt, a men tuulup kalıp ayta elekten murunku, malınar kayda , eger cırgay turgan bolsonor?—Mən yalan söylədiyim üçün atam yoxsul olub qalmış görünür, fəqət mən doğulub yalan söyləməzdən əvvəlki malınız haradadı, eger rifah içində yaşamısınızsa? Burada kalp-yalan ismi zərfləşmişdir.

  Sifətin zərfləşməsi. Türk dillərində zərf bir nitq hissəsi kimi mübahisə doğurmuşdur. Bəzi dilçilər zərfi müstəqil nitq hissəsi hesab etdiyi halda, bəziləri onları köməkçi nitq hissəsi kimi xarakterizə etmişlər.

A.Kazımbəydən üzü bəri türkoloqlar zərfi qoşmanın, sual əvəzliklərinin içərisində vermişlər. A.Kazımbəy yazır: «Zərf kimi işlədilən sifətlərin sayı olduqca çoxdur… Bu sifətlər onların arxasınca hər hansı bir fel istifadə olunarsa və ya düşünülərsə o zaman zərfə çevrilirlər» [4.S.318].

“XVI əsrdən başlayaraq qərbi Avropa ölkələrində tərtib olunan qram­matikalarda klassik yunan-İsgəndəriyyə dilçilik məktəbinin prinsip­lərinə müvafiq olaraq türk dillərində zərf ilk dəfə müstəqil nitq hissəsi kimi öy­rənilib. Lakin Avropa qrammatikləri də zərfi tədqiq edərkən türk dillərinin daxili inkişaf qanunlarına əsaslanmırlar. Onlar əslində latın dilinə məxsus bütün sadə və düzəltmə zərflərin qarşılığını türk dillərində araşdırırlar. Ona görə də, bir qayda olaraq, türk dillərində zərfin hələ formalaşmadığını iddia edir və bütün sadə sifətləri eyni zamanda zərf kimi öyrənirlər”[5.S.32-65].

Türk dillərində zərfləşmə prosesinə Ə.Şükürovun tarixi aspektdə ya­naş­ması maraqlıdır. Müəllif «Azərbaycan dilinin tarixi qrammatikası» adlı dərs vəsaitində yazılı abidələrimizdə rast gələn zərflərin bir qisminin zərfləşmiş sözlər (adverbial sözlər) təşkil etdiyini göstərir.” Zərfləşmiş sözlər içərisində hal görümlərində təcrid olunmuş sözlər xüsusi yer tutur. Hal və ya mənsubiyyət şəkilçisi ilə birgə zərfləşən sözlər öz lüğəti mənasını itirərək iş, hərəkətə aid müxtəlif əlamət və ya keyfiyyəti bildirmişdir. Deməli, zərfin Azərbaycan dilində başqa nitq hissələri arasında təcrid olunub forma­laş­ması tarixi çox qədim dövrlərdən başlamışdır.

 Zərf dilimizin inkişafı prose­sində, əsasən, aşağıdakı yollarla əmələ gəlmişdir: a) zərflik vəzifəsini yerinə yetirən başqa nitq hissələrinə məxsus sözlərin öz lüğəvi mənasını itirərək təcrid olunması yolu ilə. b) xüsusi şəkilçilərin köməyilə. Bu qrupa daxil olan zərflər zərfləşən sözlərdən onunla fərqlənir ki, kök və şəkilçiyə ayrıla bilir. Etimoloji araşdırmalar göstərir ki, zərf düzəldən şəkilçilər də öz növbəsində başqa nitq hissələrindən təcrid olunmuşdur”[6.S.19-20]

Ə.Şükürovun bu haqda aşağıdakı fikri də maraq doğurur: «Dilimizin qədim inkişafını nəzərdən keçirdikdə bəlli olur ki, «zərf özünəməxsus fonetik uyuşmalarla deyil, başqa nitq hissələrinə aid hazır leksik-qrammatik vasitələr üzərində meydana gəlmişdir. Hər hansı bir  dil özünəməxsus isti­qamətdə inkişaf edir. Türk dillərində də zərfin, əsasən, başqa nitq hissə­lərinə məxsus morfoloji əlamətlərlə əmələ gəlməsi onun özünəməxsus formal xüsusiyyətidir. Sadə  zərflərin bir hissəsi başqa nitq hissələrinin ad­ver­bal­laş­ması nəticəsində yaranmışdır. Bu proses sözlərin leksik-qrammatik cəhətdən yenidən dərk olunması və onların zərflik funksiyasında işlənməsi ilə əlaqədardır” [5.S.5]

Adların zərfə konversiyası. Zərfləşən (adverbiallaşan) sözlər orta yüzil­liklər dövründə yerlik, çıxışlıq, alətlik-birgəlik hallarında müşahidə olun­muşdur: anda «orada», saatda «həmin anda», ildən «irəlidən», öndin « öndən», küzün «payızda», oğrun «xəlvətcə», sonun «sonra» və s.

Ə.Şükürov alətlik-birgəlik halında zərfləşmiş sözlərə münasibətini belə bildirir: “Alə­tlik-birgəlik halı, məlumdur ki, X əsrə qədər qədim türk dilində hələ öz var­lığını qoruyub saxlamışdır. Ehtimal ki, X əsrdən sonra həmin şəkilçi təd­ricən arxaikləşmişdir. Həm də alətlik-birgəlik halının arxaikləşməsində “ilə” qoşması mühüm rol oynamışdır. Ona görə də yazılı abidələrimizdə alətlik-birgəlik hal görümündə rast gələn bir çox sözləri yalnız zərfləşmiş söz kimi qəbul etmək lazımdır” [6.S.19].

Feli bağlama zərf istiqamətində konversiya. Türk dillərində feli bağ­lamanın təcrid olunub zərfə çevrilməsi hadisəsi, ehtimal ki, daha qədim­dir. Təkcə bunu demək kifayətdir ki, dilimizdə işlədilən bəzi əsli zərf məhz feli bağlamanın təcrid olunması nəticəsində əmələ gəlmişdir. Bu cəhətdən –a, - ə şəkilçili feli bağlamaların zərfləşməsi hadisəsi diqqəti daha çox cəlb edir: kıya «çəp» (KDQ 16), kuruyı « hərəkətsiz» (SS 247) və s. [6.S. 19].

Qıpçaq qrupu türk dillərində müxtəlif şəkilçili feli bağlamalar zərfə konversiya oluna bilir. Məs.:

-ganda/-gende  şəkilçili feli bağlamaların konversiya olunması:

(Tat.) Anı kürgende selam birdem—Onu görəndə salam verdim: (Tat) Sez kilgende aşıy idek.—Siz gelende yemək yeyirdik. (Qırğızca) Sizderdikine barganda içeyli de ceyli, bizdikine kelgende ırdaylı da oynoylu.—Sizinkinə gəlincə içək və yeyək, bizimkinə gəlincə oxuyaq və oynayaq.

-gaç/-geç  şəkilçili feli bağlamaların konversiya olunması:

(Tatarca) Arıgaç yal ittem-Yorulunca istirahət etdim., açık eytkeç anlaşıldı—açıq söyləyincə anla.ıldı.Üzen kürmegeç berni de eyte almıym –özünü görməyincə heç bir şey də deyə bilmirem.

-galı/-geli şəkilçili feli bağlamaların konversiya olunması:

(Qazaxca) Sizben tanıskalı köp bolgan sıyaktı—sizi çoxdandırki görmürəm.(Qırğızca) Bazarga koy satgalı keldim—Bazara qoyun satmağa gəldim.

-mayınça/-meyinçe  şəkilçili feli bağlamaların konversiya olunması:

(Qazaxca) Oylamayınşa söz söyleme—Düşünmədən söz söyləmə. Oylap almayınşa lem deme—fikirləşmədən leb demə. (Qırğızca) Men coldoştorumdun artınan cetmeyinçe tınbayım—mən yoldaşlarımın ardından çatmadan dayanmaram. Aytmayınça kim bilet, açmayınça kim köröt—söyləmədən kim bilir, açmadan kim görür.

A.Borovkov «Uyğur dili dərsliyi» əsərində təsdiq edərək deyir: “sifətlər feldən əvvəl dayanarsa öz mənasına və tətbiqinə görə zərfə çevrilirlər”[7.S.77].

Bu konversivliyi İ.Əhmədov aşağıdakı şəkildə əsaslandırır: «feli bağla­ma­ların zərfə doğru inkişafı ən çox təsirsiz fellərdən ibarət olan feli bağla­malarda özünü göstərir, onların idarəetmə əlaqəsi itir, əsas fellə yanaşma əlaqəsinə çevrilir, yeni vurğu fərqi meydana çıxır (vurğu sözün sonuna keçir- qaçaraq, çaparaq və s.), formal əlamətlər itir və s. Beləliklə, adver­biallaşmanın qüvvətlənməsi ilə bağlı baş verən məna dəyişmələri yeni leksik vahidin əmələ gəlməsi ilə başa çatır»[8.S.20-21]

Feli bağlamaların zərf istiqamətində konversiyası prosesi  bir sıra  əlamtlərlə şərtlənir: feli bağlamada adverbiallığın get-gedə qüvvətlənməsi; bu güclənmə nəticəsində tam və qismən zərfləşmək.

Bununla bağlı olaraq feli bağlamanın təsirsiz növü daha asan şəkildə adverbiallaşır. Bu xüsusiy­yəti qazanmış feli bağlamalar idarəetmə gücünü itirmiş olur. Yeni mənalı sözdə vurğu fərqlənir və nəhayət əvvəlki feli bağlamadan «daşlaşaraq» əsər-əlamət qalmır.

S.Abdullayeva türk dillərində adverbiallaşma hadisəsi haqqında deyi­lənləri ümumiləşdirərərək belə bir nəticəyə gəlir: ”Azərbaycan dilində adver­biallaşma semantik inkişafla əlaqədar müxtəlif nitq hissələrinə məxsus söz­lərin heç bir sözdüzəldici vasitənin iştirakı olmadan zərf kateqoriyasına keçməsi prosesidir. Bu proses özünü aşağıdakı şəkildə göstərir: müəyyən nitq situasiyasının tələbini ödəmək üçün sözün məna çalarlığından istifadə edilərək, onun hər hansı bir az işlənən, gizli mənası zərflik  mövqeyində işlə­dilir. Reallaşma şəraiti  sözün həmin halda işlənmiş mənasından başqa, bü­tün mənalarını pərdələyir,  arxada qoyur. Zərflik mövqeyi isə zərf üçün o dərəcədə möhkəmlənmişdir ki, hər hansı nitq hissəsi zərflik mövqeyində işləndikdə zərfə yaxınlaşır və onun analoqu kimi çıxış edir»[9.S.61] zərfin kateqorial əlamətini qazanır. S.Abdullayeva fikrini davam etdirərək adver­biallaşmanın uzun sürən tarixi proses olduğunu, bu proses zamanı keçmə mərhələlərinin mövcudluğunu (ilkin mərhələdə söz semantik cəhətdən dəyişir, yeni sintaktik mövqedə işlənir və s.),  müvəqqəti və daimi adver­biallaşmanın pillələrini müəyyənləşdirmişdir. Tədqiqatçı həmçinin adver­biallaşmaya təsir edən aşağıdakı amillər üzərində də dayanmışdır:

1. Sözdə az da olsa, zərf çalarlığının olması.

2. Zərflik mövqeyində işlənmə.

3. Leksik və sintaktik əhatə.

4. Dildə sözə qənaət.

5. Məkani-qrammatik halların və xüsusilə, çıxışlıq halın məna xüsusiy­yətləri“ [10.S.31-32].

Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti: İlk dəfə olaraq qıpçaq  qrupu türk dillərinin faktik materialları əsasında kompleks yanaşma ilə adverbiallaşma  hadisəsinin mahiyyəti, bu hadisənin dilin derivasiya sistemində yeri, müntəzəm və qeyri-müntəzəmliyi və s. məsələləri müqa­yisəli as­pekt­də göstərilmişdir. Eyni tip dil vahidlərinin leksik və qrammatik sər­həd­ləri, onların izolyasiyası, adverbiallaşmanın  sözyaradıcılığı və funksional-qram­matik kateqoriyalardan fərqli xüsusiyyətləri aydınlaşdırılmışdır.

 Leksik-semantik konverisyanın bir növü də adverbiallaşmadır. Türkologiyada adverbiallaşmanın  təd­qiqinin mühüm elmi-nəzəri və praktik əhəmiyyəti vardır; bu, hər şeydən əvvəl, qohum türk dillərində nitq hissələrinin kompleks tədqiqinə şərait yarada bilir.

 Bu dil hadisəsinin monoqrafiq tədqiqi ümumən nitq hissələri, həmçinin də sözün qrammatik və leksik sərhədləri arasında olan münasibətləri gös­tərir. Bir nitq hissəsindən digərinə müvəqqəti keçid prosesləri qohum dil­lərin lüğət tərkibini semantik cəhətdən zənginləşdirən faktlardandır. Bu cəhət qıpçaq qrupu türk  dillərinin leksik fondunun in­kişaf perspektivlərini müəyyən edir. Praktik cəhətdən adverbiallaşma  hadisəsinin tədqiqi lüğət­lərin tərtibində mühüm əhəmiyyət daşıya bilir.

 

 

ƏDƏBİYYAT

1.Cəfərov C., Abdullayev N. Müasir Azərbaycan dilinin morfologiyası. Bakı: ADPİ-nun nəşri,  2004.

2.Юлдашев А.А. Конверсия в тюркских языках и ее отражение в словарях // СТ, Баку; 1970, №1

3. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Maarif, 1973

4. Казем-бек А. Общая грамматика турецко-татарского языка. Казань, 1846

5.Щербак А.М. Очерки по сравнительной морфологии тюркских языков (Имя). М., 1977

6. Şükürov Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: APİ-nin nəşri, 1981

7. Боровков А. Учебник уйгурского языка. М., 1935

8. Əhmədov İ. Azərbaycan dilində feli bağlamaların zərfə doğru inkişafı. ADU-nun «Elmi əsərləri», 1976, № 3, s. 20-21

9. Юсуфов Б. Местоимения в староузбекском литературном языке (ХV-ХVI вв.). Ташкент, Изд-во «ФАН», Академии наук Узбекской ССР, 1991

10. Abdullayeva S. Müasir Azərbaycan dilində zərf. Bakı: Maarif, 1991.

2975 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər