GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
Hər bir millətin dili mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Namiq Kamalın sözü ilə desək “İnsan cəmiyyətinin inkişafı, hər şeydən əvvəl dil və ədəbiyyatlarının inkişaf etməyindən asılıdır”. Hər hansı bir xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir. Bir millətin xarici aləmə əks edən inikası məhz onun dilidir. Azərbaycanlıyam deyən hər bir insanın ən ümdə vəzifəsi Azərbaycan dilində danışmaqdır. Azərbaycan dilində danışmayan, danışmağı bilməyən və ya bilib də danışmağı özünə ar sayan Azərbaycan vətəndaşı Azərbaycan mədəniyyətinə, millətinə bağlılığını iddia etsə buna inanmaq olmaz! Pəyami Səfanın sözü ilə desək “Dilini itirən bir millət, hər şeyini itirmiş deməkdir”.
Cəmiyyətimizə bu şəkildə yanaşsaq, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin bir çox imkanlarından lazımınca və düzgün istifadə edilməməsini görərik. Belə ki, hələ də “dayanacaq” əvəzinə “astanovka”, “artıq” əvəzinə “uje”, “ümumiyyətlə” sözünün əvəzinə “voobşe”, sürücülük vəsiqəsi əvəzinə “prava” və s. işlədən bir çox insanlarla qarşılaşmaq mümkündür. Hətta Bakının küçələrində gəzərkən özü yerli olub ancaq adı əcnəbi dildə bir çox dükan, restoran, hotel, gözəllik salonu, şirkət və obyektləri görürsən. Sanki Bakıda deyil hər hansı bir yad ölkənin küçələrində gəzirsən. Yəqin ki, bu adları qoymaqla özlərinə daha çox müştəri cəlb edəcəklərini düşünən sahibkarlar, daha düşünmürlər ki, müştəri ada yox keyfiyyətə, xidmətə, səliqəyə-sahmana, davranışa daha çox fikir verir.
Onu da qeyd edək ki, dil, məktəb və ailə milləti formalaşdırır. Bir xalqı kölə vəziyyətinə salmaq istəyirsənsə, ilk öncə onun dilini və tarixi yaddaşını əlindən almalısan. Belə düşünmək olar ki, bunlar sovet ideologiyasının toxumlarıdır, indi həmin toxumlardan cücərtilər meydana gəlir. Məhz bu baxımdan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın ölkə başçısı tərəfindən təsdiq edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu sərəncamın tələblərini həyata keçirmək hər bir Azərbaycan vətəndaşının, hər bir məktəbin, hər bir universitetin, hər bir akademiyanın, bir sözlə hər bir dövlət və ya qeyri-dövlət qurumunun üzərinə böyük məsuliyyət qoyur. Çünki ədəbi dilimizə xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal alır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük qalır. Başqa dillərdəki hər bir sözə qarşılıq olaraq dilimizdə ən az bir söz tapmaq, ya da düzəltmək lazımdır ki, bu iş də əsasən dilçi alimlərin, yazıçıların, şairlərin, radio-televiziya və mətbuat işçilərinin üzərinə düşür. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilir.
Dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab verməli və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında dolğun əks etdirən fundamental əsərlər yazılmalıdır. Azərbaycan dili ilə bağlı internet resursları qurulmalı, elektron və interaktiv dərsliklər yazılmalıdır.
Hal- hazırda istənilən kitab mağazasında əcnəbilərə ingilis dilini öyrətmək məqsədi ilə müxtəlif səviyyələr üçün, fərqli nəşriyyatların nəşlərinə rast gəlmək mümkündür. Hamısı rəngarəng, göz oxşayan, uzaqdan diqqəti cəlb edən və hətta üzərində öyrədici audio CD-si ilə birgə alıcılarını gözləyir. Ancaq nədənsə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün tədris vəsaitinə rast gəlmək olmur. Bu iş isə yalnız dilçilərin üzərinə düşmür. Bu işdə hər kəs bir kənardan öz köməyini göstərərək əlbir olub həm Azərbaycan dilini, həm Azərbaycan mədəniyyətini, həm Azərbaycan ənənələrini geniş hüdudlarda tanıtmalıdırlar ki, əcnəbilərdə də Azərbaycan dilini öyrənməyə təlabat yaransın. Lüdviq Vitgenşteynin dediyi kimi “Dilimin sərhədləri, dünyamın hüdudlarıdır”. Düzdür Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar olmuşdur. Amma onu da qeyd edək bu dövrdə nəzəri dilçilik inkişaf etmiş, amma praktiki dilçilik geridə qalmışdır.
Dövlətçiliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinin geniş hüdudlarda istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasına gətirib çıxaracağına inanır və ümid bəsləyirəm!
AMEA Nəsimi adına Dilçilik İnstitunun,
Türk dilləri şöbəsinin elmi işçisi
Dr. Ruslan Abdullayev