Zəfər Gününə həsr olunmuş “Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun 3-cü nəşrinin təqdimatı keçirilib.

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr olunmuş anım tədbiri və Zəfər Gününə həsr olunmuş “Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun 3-cü nəşrinin təqdimatı keçirilib. Öncə İctimai Birliyin sədri və bir neçə üzvü İkinci Fəxri Xiyabanı ziyarət etmişdir. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin yad edilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri Elvin Hüseynov Zəfər Günündən öncə və sonra Birliyin fəaliyyəti, gördüyü işlər haqqında geniş məlumat verdi. O, öz çıxışında İctimai Birliyin Zəfər Gününə qədərki dövrlərdə də müxtəlif elmi platforma və konfranslarda Qarabağ həqiqətlərini yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətindən bəhs etdi.

Tədbir İkinci Qarabağ müharibəsi iştirakçısı və gənc tədqiqatçı Xəzan Baxşəliyevin çıxışı ilə davam etdi. O, İkinci Qarabağ müharibəsi ilə bağlı öz xatirələrini iştirakçılarla bölüşdü. Bu mübarizənin və qələbənin elmlə sahəsində də davam edilməli olmasınının vacibliyini vurğuladı.

Daha sonra toplunun elmi redaktoru eyni zamanda Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin sədr müavini dos. Ruslan Abdullayev elmi məqalə yazma yolları, elmi-tədqiqat aparma üsulları və eyni zamanda, jurnalın gələcək hədəfləri və planlar barədə məruzə etdi.

Sonda bəzi məqalə müəllifləri və digər tədbir iştirakçıları da öz ürək sözlərini iştirakçılarla bölüşərək, şəhidlərimizə Allahdan rəhmət, qazi və yaralılarımıza isə şəfa dilədilər. Görüş məqalə müəlliflərinə məqalə toplusu nümunəsinin təqdimatı və xatirə fotosunun çəkilməsi ilə başa çatdı.