GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəMüsahibələr

"DQ münaqişəsi bizim üçün ümumilli məsələdir" MÜSAHİBƏ

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlının SİA-ya müsahibəsi:

 

- Məmmədəli müəllim, ilk öncə təmsil etdiyiniz qurumun fəaliyyəti, gördüyü işləri barədə məlumat verərdiniz?

- Böyük məmnuniyyətlə. Adından da bəlli olduğu kimi, təmsil etdiyim ictimai birliyin əsas məqsədi gələcəkdə elmi araşdırma ilə məşğul olmaq arzusunda olan istedadlı gənclərin tədqiqatçı kimi yetişmələrin yardım etməkdir. Bunun üçün ilk növbədə magistratura və doktorantura pillələrinə hazırlıq mərhələsində onlara müvafiq şəkildə köməklik etməyə çalışırıq. İngilis dili səviyyəsini nəzərə alaraq xaricdə təhsil almaq istəyənlərə universitet və ixtisas seçimində lazımi məsləhətlər veririk. Həmçinin sənədləşdirmə prosesində lazımi məsləhətlər veririk. Ən başlıcası isə, onlar üçün təqaüd imkanları axtarıb tapırıq.

Təbii ki, təhsilini Azərbaycanda davam etdirmək istəyənləri də unutmuruq. Onlara da qəbul imtahanlarına hazırlıq əsnasında və ixtisas seçimində müvafiq məsləhətlər veririk. Magistratura və doktorantura mərhələsində isə onlara elmi araşdırma metodları, elmi məqalənin yazılması, məruzənin hazırlanması qaydaları və dissertasiya işinin tərtibi barədə seminarlar təşkil edirik. Ölkə daxilində və xaricdə keçirilən elmi konfranslar haqda elanları saytımızda yerləşdirməklə onların iştirakını təmin etməyə çalışırıq. Eyni zamanda beynəlxalq elmi jurnallarda məqalə nəşr etdirmələri üçün gəncləri müntəzəm şəkildə maarifləndiririk. Post-doktorantura mərhələsində olan üzvlərimizi də unutmuruq, imkan daxilində onların xaricdə tədqiqat aparmaları və təlim kurslarında iştirak etmələri üçün mövcud imkanlardan istifadə edirik. Nəhayət, fikir mübadiləsi aparmaları, ortaq layihələr həyata keçirmələri, məqalə yazmaları üçün Azərbaycanda və xaricdə təhsil alan gənclərin iştirakı ilə elm düşərgəsi təşkil edirik.

 

- GEAD İctimai Birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, eləcə də bu gün Azərbaycan xalqının növbəti dəfə yad edəcəyi 31 Mart azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində nə kimi işlər görür?

- Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı kimi bizim üçün də ümumilli məsələdir. Ona görə biz də bu istiqamətdə ardıcıl şəkildə müəyyən tədbirlər həyata keçiririk. İlk növbədə üzvlərimizi münaqişənin tarixi, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər haqda məlumatlandırmağa çalışırıq. Bu məqsədlə, mütəmadi olaraq anım günləri keçirir, dəyirmi masalar təşkil edirik. Xüsusilə, bədnam qonşularımızın qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar geniş kampaniya aparacaqlarını nəzərə alaraq ictimai birlik olaraq biz də bu istiqamətdə müəyyən qabaqlayıcı addımlar atmağa başladıq. Hələ 2012-ci ilin sonundan Türkiyənin Firat Universiteti ilə birlikdə elmi məqalələrdən ibarət “Qarabağ” toplusunun hazırlanmasına və nəşrinə nail olduq. Yenə bu mövzunun davamı olaraq 2013-cü il martın 30-da Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin iştirakı ilə Azərbaycan Universiteti ilə birlikdə “Azərbaycanlıların soyqırımı arxiv sənədlərində” mövzusunda beynəlxalq konfrans təşkil etdik. 2014-cü il 24-26 aprel tarixlərində isə Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyi və GEAD İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” mövzusunda növbəti beynəlxalq konfransı keçirdik. Hər iki ölkədən dəvət olunmuş tənqidçi, tarixçi və yazarların iştirakı ilə keçirilən konfrans böyük maraq doğurdu. Hər iki konfransın materialları toplu halında nəşr olunaraq elmi və ədəbi ictimaiyyətə çatdırıldı. Hal-hazırda aprel ayının 18-də Azərbaycan Universiteti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, “Səs” qəzeti və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı keçiriləcək “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar.Türk müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda II beynəlxalq elmi konfransa hazırlaşırıq. Son olaraq, bu mövzuda başqa bir layihə üzərində daha işləyirik. Bu dəfə məqsədimiz Qərb auditoriyasına çıxmaq olduğu üçün azərbaycanlı ədiblərin Qarabağ müharibəsi mövzunda yazdıqları hekayələr toplusunun ingilis dilində nəşr etdirməkdir. İnanırıq ki, digər layihələrimiz kimi bu ideyanı da uğurla həyata keçirə biləcəyik.

- Milli Məclisdə “Elm haqqında” qanun layihəsi növbəti dəfə müzakirə olundu. Bu qanunun üstün cəhətləri haqqında fikirlərinizi bilmək istərdik.

- Milli Məclisin bu ilin 24 fevral tarixində keçirilən plenar iclasında çoxdandır müzakirə mövzusu olan “Elm haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul olunmasını elmi ictimaiyyət səbirsizliklə gözləyirdi. Sözügedən qanun layihəsinin üstün cəhətlərinə gəlincə, bunları qeyd etmək istərdim: Qanun layihəsində magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin nəzərdə tutulması müsbət haldır. Digər tərəfdən, ali təhsil müəssisəsinə “Tədqiqat universiteti” statusunun verilməsi, dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddinin müəyyən edilməsi də böyük əhəmiyyət kəsb edir. Elmi müəssisə və təşkilatlarda çalışan elmi işçilərin əməkhaqları hesablanarkən onların əmək stajları və peşə xüsusiyyətlərinin də nəzərə alınması da təqdirəlayiq haldır. İnanırıq ki, qanun layihəsi elmə və elmi işçilərin sosial məsələlərinin yaxşılaşdırılması istiqamətində mühüm bir mərhələ olacaqdır. Unutmayaq ki, ölkəmizdə ciddi elmin mühitin formalaşması üçün bu amil son dərəcə vacibdir.

- Sizcə, gənclərimizin hal-hazırda elmi araşdırmaları ilə bağlı hansı çətinlikləri mövcuddur ?

- Gənclərin elmi fəaliyyətə cəlb olunmasında ən böyük çətinlik qarşılaşdıqları mənzil problemi və əməkhaqqının az olması ilə bağlıdır. Düzdür, bu sahədə həyata keçirilən tədbirlər nikbin olmağımıza əsas verir. Lakin etiraf etmək lazımdır ki, hələ görüləcək işlər də çoxdur. Xüsusilə, gənc alimlərin beynəlxalq tədbirlərdə iştirakını təmin etmək, bu məqsədlə maliyyə vəsaitinin ayrılmasını artırmaq lazımdır. Çünki mövcud maaşla xarici ölkələrdə keçirilən elmi tədbirlərdə iştirak etmək mümkün deyildir.

(mənbə: http://sia.az/az/news/politics/468037-dq-munaqisesi-bizim-ucun-umumilli-meseledir )

830 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər